Fransada pensiya sisteminin gələcəyi müzakirələrə səbəb olub
Paris, 1 iyul, AZƏRTAC
Fransada pensiya sisteminin gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda Montaigne İnstitutunun eksperti Bertran Martino bildirib ki, gənclərin məşğulluq səviyyəsinin artırılması pensiya sisteminin maliyyə problemlərini həll etmək üçün kifayət deyil.
AZƏRTAC xəbər verir ki, Martinonun sözlərinə görə, Fransada bəzi iqtisadçılar gənclərin daha çox işlə təmin olunmasının pensiya sistemindəki kəsiri aradan qaldıra biləcəyini düşünsələr də, bu yanaşma reallığı tam əks etdirmir. O vurğulayıb ki, Fransa uzun illərdir büdcə və pensiya kəsiri ilə üzləşir və təkcə gənclərin məşğulluğunun artırılması bu problemi həll etməyəcək.
Ekspert hesab edir ki, gənclərin əmək bazarına inteqrasiyası vacib olsa da, əsas diqqət yaşlı işçilərin daha uzun müddət işləməsinə yönəldilməlidir. Onun fikrincə, gənclər əmək fəaliyyətinə yeni başladıqları üçün daha aşağı əməkhaqqı alır və pensiya sisteminə ödədikləri sosial sığorta haqları da az olur.
Bertran Martino deyib ki, pensiya sisteminə bir il daha çox işləyən yaşlı əməkdaşın töhfəsi işə yeni başlayan gəncin töhfəsindən daha yüksəkdir. Buna görə də o, pensiya sisteminin davamlılığının təmin olunması üçün yaşlıların məşğulluğunun artırılmasının əsas həll yollarından biri olduğunu vurğulayıb.