Fransada Şarl de Qollun ölkə əhalisinə müraciətinin 80 illiyi qeyd edilib
Paris, 18 iyun, AZƏRTAC
İyunun 18-də Fransada general Şarl de Qollun ölkə əhalisinə müraciətinin 80-ci ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsi zamanı - 1940-cı il iyunun 18-də general Şarl de Qoll Londondan fransızlara ilk çağırışını səsləndirib. Marşal Peten hökumətinin Hitler Almaniyası ilə saziş imzalamaq istəyinə baxmayaraq, Şarl de Qoll fransız hərbi qüvvələrini, mühəndisləri və fəhlələri faşistlərə qarşı mübarizəni davam etdirməyə çağırıb. General çıxışını “Nə olursa-olsun, fransız müqavimət hərəkatının alovları söndürülməməlidir və söndürülməyəcəkdir” sözləri ilə bitirib.
Fransada 2020-ci il Şarl de Qoll ilidir. Bu il Şarl de Qollun anadan olmasının 130, onun 18 iyun müraciətinin 80, vəfatının isə 50 illiyidir. Bununla əlaqədar təşkil edilmiş mərasimdə Prezidenti Emmanuel Makron, sabiq prezidentlər, hökumət nümayəndələri, eləcə də Şarl de Qollun nəslinin davamçıları iştirak ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris