Fransada təhsilini yarımçıq qoyan gənclər işsizliyə daha çox məruz qalırlar
Paris, 18 fevral, AZƏRTAC
Fransada təhsilini başa çatdırmayan gənclər əmək bazarında işsizliyə daha çox məruz qalırlar. Fransa Milli Statistika və İqtisadi Tədqiqat İnstitutunun araşdırmasına görə, təhsilini yarımçıq qoyan gənclər arasında işsizlik səviyyəsi təhsilini tamamlayanlarla müqayisədə xeyli yüksəkdir.
AZƏRTAC xəbər verir ki, statistikaya əsasən, 2024-cü ildə Fransada 15–34 yaşarası 16 milyon gəncin 20 faizi başladığı təhsili başa vurmadan dayandırıb. Müqayisə üçün qeyd olunur ki, bu göstərici Avropa İttifaqı üzrə 14 faizdir. Araşdırmada göstərilir ki, təhsilin yarımçıq qoyulması əsasən diplom mərhələsində - tədris ilinin ortasında və ya imtahandan kəsildikdən sonra baş verir. Bu qərar xüsusilə alternativ istiqamət seçimi olmadan qəti şəkildə təhsildən uzaqlaşma ilə nəticələndikdə gənclərin əmək bazarına inteqrasiya imkanlarını ciddi şəkildə zəiflədir. Belə ki, təhsilini tamamilə dayandıran gənclərin 23 faizi 2024-cü ildə Beynəlxalq Əmək Təşkilatının meyarlarına görə işsiz hesab olunur və ya “işsizlik zonasına” daxildir. Təhsilini yarımçıq qoymayanlarda isə bu göstərici 15 faizdir. Nəticələr yalnız işsizlər üçün deyil, işləyənlər üçün də fərqlidir. Təhsilini yarımçıq dayandıran gənclərin 20 faizi müddətli əmək müqaviləsi və ya müvəqqəti işlərlə məşğuldur. Təhsilini davam etdirən və ya tamamlayan gənclərdə isə bu göstərici 14 faiz təşkil edir.
Araşdırma sosial bərabərsizlikləri də üzə çıxarır. Rəhbər vəzifəli şəxslərin övladları arasında təhsilini yarımçıq qoyanların üçdə ikisi sonradan başqa istiqamətə yönələrək təhsili davam etdirir. Əksinə, fəhlə və ya qeyri-fəal valideynlərin övladları arasında təhsilini yarımçıq qoyanların üçdə ikisi bu qərardan sonra təhsili tamamilə dayandırır. Nəticələr göstərir ki, təhsilin yarımçıq qalması gənclərin peşəkar gələcəyinə uzunmüddətli təsir edir və sosial mənşə bu prosesdə həlledici rol oynayır.