Fransanın Audatex şirkətinin Azərbaycanda fəaliyyətinə dair ilkin razılaşma əldə olunmuşdur
Bakı, 5 noyabr (AZƏRTAC). İcbari Sığorta Bürosunun (İSB) nümayəndələri Paris şəhərində Audatex şirkətinin regional idarəedici direktoru Arnaud Aqostininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
İSB-dən AZƏRTAC-a bildirmişlər ki, büronun əməkdaşları Audatex şirkətini Fransada təmsil edən Sidexa şirkətinin kollektivi və ofisi, habelə iş təcrübəsi ilə tanış olmuşlar. Audatexin təmsilçiləri şirkətdə işin təşkili və xüsusiyyətləri, şirkətin təklif etdiyi proqram təminatlarından və məlumat bazasından istifadə, onların ən son məlumatlar əsasında yenilənməsi üzrə maraqlı təqdimatlarla çıxış etmişlər.
Həmçinin, Audatex şirkətinin Azərbaycanda fəaliyyətə başlaması, təklif etdiyi proqram təminatlarının və məlumatlar bazasının yerli sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim olunması, bu işin həyata keçirilməsi müddətləri, biznesin təşkili, bununla bağlı gözləntilər ətrafında fikir mübadiləsi və müzakirələr aparılmışdır. Audatex şirkətinin gələn il Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı ilkin razılaşma əldə olunmuşdur.
Audatex proqram təminatlarının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərin miqdarının müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcəkdir. Bu sistemin başlıca üstünlüyü odur ki, zərərlər bütün sığorta şirkətləri tərəfindən eyni qaydada qiymətləndiriləcək və hansı sığortaçının seçilməsindən asılı olmayaraq eyni yanaşma əsasında həyata keçiriləcəkdir.