Fransız urbanist: Bakı genişmiqyaslı infrastruktur transformasiyalarını, şəhər innovasiyalarını və davamlı inkişafa sadiqliyi özündə birləşdirir
Bakı, 12 may, AZƏRTAC
Günümüzdə müasir Bakı genişmiqyaslı infrastruktur transformasiyalarını, şəhər innovasiyalarını və davamlı inkişafa sadiqliyi özündə birləşdirir, dinamik inkişaf edən regional şəhər mərkəzi kimi mövqeyini getdikcə daha da möhkəmləndirir. Bu fonda Azərbaycan paytaxtı şəhərlərin gələcəyi, ərazilərin bərpası və yeni şəhər standartlarının hazırlanması ilə bağlı beynəlxalq peşəkar dialoq üçün vacib platformaya çevrilir.
Bu kontekstdə münaqişədən sonrakı bölgələrin bərpası, “ağıllı” və dayanıqlı icmaların inkişafı, memarlıq və şəhərsalmanın ətraf mühit və sosial transformasiyada rolu ilə bağlı məsələlər xüsusilə aktualdır. Bakı təkcə fiziki yenilənməyə deyil, həm də tədricən qlobal forumlarda iştirak və şəhər təcrübəsi mübadiləsi yolu ilə beynəlxalq rolunu gücləndirməyə çalışan bir şəhər nümunəsi kimi qəbul edilir.
Şəhərlərin funksionallığı ilə bağlı fikirləri ilə tanınan fransız urbanist, iqtisadçı və şəhərlərin inkişafı üzrə tədqiqatçı Alen Berto AZƏRTAC-ın suallarını cavablandırır. O, təxminən iyirmi il ərzində Dünya Bankında şəhər planlaşdırılması üzrə baş mütəxəssis vəzifəsində çalışıb, hazırda Nyu-York Universiteti (NYU) və ABŞ-də tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir.
- Yaxın günlərdə Azərbaycan mühüm beynəlxalq tədbirə - Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Sizcə, bu forumun Bakıda keçirilməsinin ölkənin beynəlxalq imici, peşəkar mübadilə və gələcək şəhər inkişafı nöqteyi-nəzərindən əhəmiyyəti nədən ibarətdir?
- Düşünürəm ki, müxtəlif ölkələrdən olan insanlarla görüşmək və fikir mübadiləsi aparmaq həmişə faydalıdır. Bu, ilhamverici ola bilər. Amma unutmayaq ki, bu kimi forumlar çox fərqli baxışlara malik bir çox insanı bir araya gətirir və həqiqətən maraqlı olan ideyaları müəyyən etmək vacibdir. Həm yanaşmaların tərəfdarları, həm də onlara qarşı çıxanların olması labüddür. Lakin ümumilikdə, belə bir forumun olması, şübhəsiz ki, şəhərin gələcək inkişafı üçün çox faydalıdır.
– Cənubi Qafqazdakı şəhərlərin gələcəyindən danışarkən, sizcə, Azərbaycan dayanıqlı urbanizasiya üçün yeni regional standartların formalaşmasında hansı rolu oynaya bilər?
– Azərbaycan zəngin resurslara malik ölkədir və bu, ona inkişaf proseslərinə təsir etmək imkanı verir. Azərbaycanın rolu mütləq şəkildə artacaq.
– Azərbaycan dayanıqlı inkişafa və “yaşıl” keçidə böyük diqqət yetirir. Memarlıq sektoru bu gün milli ekoloji gündəmlərə nə dərəcədə təsir göstərə bilir?
- Kitabımda yazıram ki, şəhər ilk növbədə əmək bazarlarıdır. Bu o deməkdir ki, insanlar şəhərin bir hissəsindən digərinə tez və səmərəli şəkildə hərəkət edə bilməlidirlər. Dayanıqlılıq baxımından bu səmərəliliyin bir hissəsi karbon emissiyalarının minimuma endirilməsidir. Buna görə də, şəhərlərin inkişafı prosesində səmərəli ictimai nəqliyyatın təmin edilməsi vacibdir. Kiçik və ya daha böyük elektrikli nəqliyyat vasitələrindən istifadə edilməsi şəhərin formasından və ölçüsündən asılıdır. Ümumilikdə, nəqliyyat əsas elementdir.
- Son illərdə Azərbaycan özünü qlobal tədbirlər və şəhərsalma təşəbbüsləri üçün platforma kimi fəal şəkildə təqdim edir və bu nöqteyi-nəzərdən ölkənin beynəlxalq imicinin formalaşmasında memarlıq və şəhərsalmanın rolunu necə qiymətləndirirsiniz?
- Bakıda cəmi bir gün keçirdim, ona görə də təcrübəm məhduddur. Amma ən çox yadımda qalan daşdan istifadədir. Bu, çox gözəl tikinti materialıdır və yüksək dərəcədə bacarıqlı bənnalarınız var.
Düşünürəm ki, bu yerli memarlıq ənənəsini daha da inkişaf etdirməlisiniz. Bu, gələcəkdə Bakıya xüsusi bir cazibə verəcək. Şəhərsalma da son dərəcə mühümdür. Məsələn, metro stansiyalarının meydanlara və küçələrə necə birləşməsi çox vacibdir. Eyni şey piyadalar, ticarət və şəhər həyatı üçün küçə dizaynına da aiddir.
Sizin öz memarlıq üslubunuz var. Bu, sırf Azərbaycan üslubudur. Artıq qeyd etdiyim kimi, universal beynəlxalq üsluba uyğunlaşmaq istəyinə qapılmaqdansa, onu daha da inkişaf etdirmək lazımdır. Öz memarlıq kimliyinizi inkişaf etdirmək çox vacibdir.
Müəllif – Tamilla Məmmədova