Fransanın Əlcəzairda törətdiyi qırğınların 81-ci ildönümü qeyd olunub
Paris, 12 may, AZƏRTAC
Əlcəzairdə 1945-ci il mayın 8-də Fransa tərəfindən törədilən qırğınlardan 81 il keçməsinə baxmayaraq, qurbanların ailələri, ictimai təşkilatlar və siyasətçilər bu ölkənin faciəyə görə məsuliyyətini rəsmi şəkildə tanımasını tələb edirlər.
AZƏRTAC xəbər verir ki, Əlcəzairin Setif şəhərində keçirilən yürüşdə iştirak edən Fadila adlı qadın atasının həmin hadisələrin canlı şahidi olduğunu bildirib. O, atasının illərlə yaşadığı travmanı xatırlayaraq duyğularını belə ifadə edib: “Atam bizə Setifdə baş verən qırğınlardan danışardı. Axşamlar gizlənməyə məcbur olduqlarını deyirdi. Onların gördükləri və yaşadıqları dəhşətli idi. İşgəncələrə məruz qaldılar, əzab çəkdilər, amma bunu səssizcə yaşadılar. Atam deyirdi ki, keçmiş keçmişdə qalıb, biz irəli getməliyik. Mən yalnız bir şey istəyirəm – rəsmi tanınma. Atam bunu görə bilmədi”.
Hadisələrin şahidləri xatırladıblar ki, həmin dövrdə gənclər Fransadan Əlcəzairə azadlıq verilməsini tələb edirdilər. Lakin onlar qırğınlara məruz qalıblar.
Qeyd edək ki, Fransanın Prezidenti Emmanuel Makronun tapşırığı ilə bu ölkənin silahlı qüvvələr üzrə naziri Alis Rufo Əlcəzairə səfər edərək anım tədbirlərinə qatılıb. Bununla yanaşı, tədbirlərdə iştirak edən digər fransızlar da olub.
Fransa nümayəndələrinin anım tədbirlərində iştirakı müsbət addım kimi qiymətləndirilsə də, bunun kifayət etmədiyi vurğulanıb. “Fransalı nazirin və səfirin burada olması vacib və müsbət hadisədir. Amma indi Fransa dövləti bu qırğınları rəsmi şəkildə tanımalıdır. Bu, iki xalq arasında barışıq prosesinin bir hissəsi olmalıdır. Daha irəli getmək lazımdır”, – deyə vurğulanıb.
Qırğınlarla bağlı sənədli film çəkən rejissor Mehdi Lallaui isə qeyd edib ki, hadisələrin bəzi məqamları bu gün də qaranlıq qalır. Onun sözlərinə görə, qırğınlar iyunun sonunadək davam edib və mülki silahlı dəstələr də zorakılıqlarda iştirak edib. “Ən böyük problem ondadır ki, qətlə yetirilən insanların ailələri yaxınlarının cəsədlərini heç vaxt tapa bilməyiblər. Onlar yandırılıb, yox edilib”, – deyə rejissor diqqətə çatdırıb.
Mehdi Lallaui son günlər Gelma şəhərində olduğunu və görüşdüyü insanların Fransaya qarşı nifrət hiss etmədiklərini, sadəcə həqiqətin tanınmasını gözlədiklərini vurğulayıblar.
Bununla belə, Fransa Prezident administrasiyasının yaydığı rəsmi bəyanatda “qırğın” sözündən istifadə olunmayıb. Yelisey sarayı yalnız bildirib ki, Alis Rufo Setifə 1945-ci il mayın 8-də baş vermiş faciəli hadisələrin anım mərasimində iştirak etmək üçün səfər edib.
Bildirək ki, tarixçilərin hesablamalarına görə, Əlcəzairin Setif, Gelma və Xerrata şəhərlərində baş verən hadisələr zamanı 15 mindən 30 minədək əlcəzairli həyatını itirib. Bu qırğınlar Əlcəzair xalqının müstəqillik arzularını boğmaq məqsədilə Fransa müstəmləkə hakimiyyəti tərəfindən həyata keçirilmiş ən qanlı hadisələrdən biri kimi qiymətləndirilir və ölkənin milli tarixində dönüş nöqtəsi hesab olunur.