Fridrix Merts: Kütləvi təxribat, casusluq cəhdləri və məlumat şəbəkələrimizə qarşı hücumlarla üzləşirik
Berlin, 15 iyul, AZƏRTAC
Biz kütləvi təxribat halları, casusluq cəhdləri, məlumat şəbəkələrimizə qarşı hücumlarla üzləşirik. Bütün bunlar Almaniyaya qarşı hibrid müharibənin formalarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
“Biz müharibə şəraitində yaşamırıq, lakin artıq sülh şəraitində də yaşamırıq”, - deyən Kansler bu təhdidlərin ciddi qəbul edilməsinin ilk növbədə siyasi vəzifə olduğunu vurğulayıb: “Bu, siyasətin cəmiyyət qarşısında yerinə yetirməli olduğu öhdəlikdir. Biz Almaniyadakı insanlara izah etməliyik ki, vəziyyəti niyə məhz belə qiymətləndiririk”.
Avropanın geostrateji mərkəzində yerləşən Almaniyanın hibrid müharibə hədəf ölkəsi olduğunu vurğulayan F.Merz Almaniyanın müdafiə qabiliyyətin yenidən bərpa edilməsinin vacibliyini qeyd edib. “Biz bir tərəfdən Rusiyanın növbəti təcavüzlərə hazırlıq gördüyünü açıq şəkildə müşahidə edirik. Bu hazırlıqlar Ukraynadan xeyli kənara uzanır. Onlar Baltikyanı ölkələri, Moldovanı və Avropanın digər hissələrini təhdid edir. Onlar bir qədər əvvəl təsvir etdiyim formalar vasitəsilə bizi də təhdid edir. Lakin biz müdafiə qabiliyyətimizi yenidən bərpa etmək istiqamətində sürətli inkişaf prosesi keçirik”, - deyə Kansler bildirib.