“FUJİ OPTİKAL” ŞİRKƏTİ 1300-DƏN ÇOX QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNƏ OFTALMOLOJİ YARDIM GÖSTƏRMİŞDİR
Bu barədə mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında bildirilmişdir.
Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov demişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Hökumətinin dəstəyi ilə Yaponiyanın tanınmış oftalmoloji avadanlıq istehsalçısı “Fuji Optikal” şirkəti 2005-ci ildən azərbaycanlı qaçqın, məcburi köçkünlərə və aztəminatlı ailələrə yardım göstərməyə başlamışdır. Şirkətin rəhbəri doktor Akio Kanai ötən il Bakı şəhərində, Sabirabad, Hacıqabul və Abşeron rayonları ərazilərində məskunlaşmış qaçqın və məcburi köçkünlərə oftalmoloji yardım göstərmişdir. Bu il isə o, mayın 17-dən bəri Bakı, Yevlax, Şəki şəhərlərində, eləcə də Bərdə və Ağcabədi rayonlarında olmuşdur. Doktor A.Kanai və onun köməkçiləri 1500-dən çox insanı müayinə etmiş, 1300-dən çox eynək paylamışdır.
Akio Kanai onlara göstərilən qonaqpərvərliyə görə, Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirmişdir. O demişdir ki, rəhbərlik etdyi şirkət 1981-ci ildən fəaliyyət göstərir və bu günə qədər dünyanın müxtəlif ölkələrində 24 layihə gerçəkləşdirmişdir. BMT QAK-ın təşəbbüsü ilə Azərbaycana gələn şirkət buradakı qaçqın və məcburi köçkünlər üçün daha çox işlər görmək niyyətindədir. Budəfəki müayinələr zamanı bəzi insanlarda spesifik göz xəstəliklərinin mövcudluğu aşkarlanmışdır və onlara xüsusi eynəklər lazımdır. Bu cür eynəklərin Yaponiyada istehsal olunduğunu bildirən Kanainin sözlərinə görə, tezliklə 127 xəstə həmin xüsusi eynəklərdən istifadə edə biləcəkdir.
BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin Proqram şöbəsinin rəhbəri xanım Amra Nuhbeqoviç demişdir ki, göstərdiyi çoxsaylı humanitar yardımlara görə, Akio Kanainin adı BMT QAK tərəfindən xeyriyyəçilik sahəsində müstəsna xidmətlərə görə verilən mötəbər Nansen mükafatı namizədləri siyahısındadır.
Qonaqlar Azərbaycana bundan sonra da yardım göstərəcəklərini bildirmişlər.
Sonra onlar jurnalistləri maraqlandıran suallara aydınlıq gətirmişlər.