“Fukusima-1” AES-dən təmizlənmiş suyun axıdılması zamanı heç bir problem yaranmayıb
Bakı, 31 avqust, AZƏRTAC
“Fukusima-1” atom elektrik stansiyasının operatoru cümə axşamı günü bildirib ki, stansiyanın təmizlənmiş suyunun okeana axıdılması başlayandan bir həftə sonra boşaltma prosesində heç bir problem yaranmayıb.
2011-ci il zəlzələsi və sunamidən sonra bu atom elektrik stansiyasında üç reaktorda nüvə yanacağı əriyib. Atom elektrik stansiyalarında ərimiş yanacağın soyudulması üçün istifadə olunan su yağış və qrunt sularına qarışıb. Yığılmış su AES-in ərazisindəki mindən çox çəndə emal olunur və saxlanılır.
AZƏRTAC xəbər verir ki, emal prosesində radioaktiv maddələrin çoxu sudan çıxarılsa da, onun tərkibində hələ də tritium var.
“Tokio Denryoku” şirkəti təmizlənmiş suyu okeana axıtmazdan əvvəl onun tərkibini seyrəldərək tritium konsentrasiyasını Ümumdünya Səhiyyə Təşkilatının içməli su üçün təlimatlarının təxminən yeddidəbirinə endirib.
Şirkətdən verilən məlumata görə, suyun axıdılması və digər işlərin aparılması üçün nəzərdə tutulan avadanlıqlarda heç bir problem olmayıb. Operator qeyd edib ki, gündəlik 450 ton təmizlənmiş su okeana axıdılmazdan əvvəl ondan 700 dəfə çox dəniz suyu ilə qarışdırılır. Şirkət çərşənbə günü 2900 tondan çox təmizlənmiş su buraxdığını bildirib.
“Tokio Denryoku” şirkəti axıtma prosesi başlayandan bəri tritium səviyyələrini izləmək üçün hər gün atom elektrik stansiyasından 3 kilometr məsafədə okean suyu nümunələri götürür. O, nümunələrdəki tritiumun litr başına 10 bekkerel səviyyəsindən aşağı olduğunu bildirib.
Yaponiyanın Ətraf Mühit Nazirliyi, Fukusima Prefekturası və Balıqçılıq Administrasiyası tərəfindən atom elektrik stansiyasının yaxınlığındakı sularda tutulan balıqların təftişi zamanı dəniz suyunun monitorinqində də tritium konsentrasiyalarının aşkar edilə bilən səviyyədən aşağı olduğu müəyyən edilib.