FUTUROLOQLAR QAFQAZIN GƏLƏCƏYİ BARƏDƏ MÜZAKİRƏLƏR APARIRLAR
Azərbaycan Gələcək Araşdırmalar Cəmiyyətinin prezidenti Reyhan Hüseynova bu mövzuya dair ilk konfransın əhəmiyyətindən danışmış, Azərbaycanda bu elm sahəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O, gələcək araşdırmaların çox dərin, eyni zamanda, təşviqedici bir istiqamət olduğunu, bu sahə üzrə aydın, dəqiq və həqiqi proqnozların işlənib hazırlanacağını bildirmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cəmiyyətdə inkişaf sürətləndikcə gələcəyi proqnozlaşdırmağın, baş verə biləcək böyük sosial-iqtisadi, elmi-texniki və ictimai-siyasi hadisələri əvvəlcədən görməyin çox mürəkkəb bir problemə çevrildiyini söyləmişdir. O, digər sahələrdən fərqli olaraq, informasiya-kommunikasiya texnologiyalarının inkişafını və onların cəmiyyətin ümumi tərəqqisinə təsirini öncədən qiymətləndirməyin daha mürəkkəb və vacib bir məsələ olduğunu bildirmişdir.
Ə.Abbasov ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində görülən işlərdən də danışmış, İKT üzrə Milli strategiyanın, Dövlət proqramının, qanunlar toplusunun və müxtəlif hüquqi normativ sənədlərin təsdiqləndiyini və ardıcıl islahatlar aparıldığını, hazırda bu sahənin inkişafı üçün bir çox beynəlxalq layihələrin icrasına başlanıldığını xatırlatmışdır.
Birləşmiş Millətlər Təşkilatının Universiteti üzrə Amerika Şurasının icraçı direktoru və Milenium layihəsinin direktoru Cerom K.Qlen “Qlobal məsələlər, enerji layihələri və minillik layihə” mövzusunda məruzəsində Milenium layihəsi barədə məlumat vermiş, qarşıya qoyulan məsələlərdən danışmışdır.
Konfrans mayın 20-dək davam edəcəkdir.