Gazelli Group bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin edib
Bakı, 1 aprel, AZƏRTAC
Gazelli Group əhalinin sağlamlığının qorunması istiqamətində olan fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, holdinq koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və mənfi təsirinin məhdudlaşdırılması üzrə tədbirləri dəstəkləyərək, Təhsil Nazirliyinin nəzdindəki bütün internat məktəbləri və uşaq evlərini bir aylıq antiseptik vasitələr, maye sabunları və şampunlarla təmin edib.
Şirkətdən bildirilib: "Kütləvi istehlak məhsullarını istehsal edən irimiqyaslı bir holdinq olaraq, biz vətəndaşlar və dövlətimizə qarşı sosial məsuliyyətimizi dərk edirik və məhz buna görə növbəti addımımız Təhsil Nazirliyinin nəzdindəki bütün internat məktəbləri və uşaq evlərini bir aylıq antiseptik vasitələr, maye sabunları və şampunlarla təmin etmək oldu. Biz yalnız gücümüzü birləşdirərək, bu virusun daha çox yayılmasının qarşısını ala və ona qalib gələ biləcəyik. Hazırda əhalinin sağlamlığının qorunması üçün dövlət tərəfindən tətbiq olunan bütün tədbirləri dəstəkləmək çox vacib məsələdir. Şirkətimiz adından biz bütün vətəndaşları evdə qalmağa, yalnız zəruri hallarda evdən maska və əlcək taxaraq çıxmağa, əlləri tez-tez yumağa və antiseptik maddələrdən istifadə etməyə çağırırıq. Diqqətli olun və sağlam qalın!”
Həmçinin Gazelli Group koronavirusun yayılmasının qarşısını almaq üçün növbəti addımları atmağa hazırdır.