GDU-da dilimizin saflığının qorunmasına həsr olunan elmi konfrans keçirilib
Gəncə, 16 yanvar, Elcan Məmmədov. AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin Azərbaycan dili kafedrasında “Ana dilinin saflığının qorunmasında norma prinsipləri” adlı elmi konfrans keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, elmi konfransda Prezident İlham Əliyevin ana dilinin inkişafı barədə söylədiyi tövsiyələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxış edən deputat, GDU-nun Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə ana dilinin saflığının qorunmasına dövlət qayğısından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir”. Azərbaycan dilinin dövlət dili statusu qazanması milli dövlətçilik tarixində mühüm mərhələdir. 1995-ci il Konstitusiyasında bu statusun təsbit olunması dilin hüquqi müstəvidə ən yüksək səviyyədə qorunmasını təmin edib. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dilin tətbiqi, inkişafı və qorunması istiqamətində sistemli mexanizmlər yaradıb. Bu siyasətin ideoloji əsasları Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına söykənir. Prezident İlham Əliyev bu siyasi xətti ardıcıl şəkildə davam etdirərək, kütləvi nəşrlər və normativ dil mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atıb.
Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan dili kafedrasının professoru Mübariz Yusifov “Ana dilinin qorunmasında leksik normalar” mövzusunda məruzə ilə çıxış edərək, dilimizdəki leksik paralelliklərin yaratdığı problemlərdən bəhs edib, onların həlli yollarına dair fikir və tövsiyələrini bildirib.
Tədbirdə Filologiya fakültəsinin əməkdaşları dosentlər Yadigar Əliyev “Türkiyə türkcəsinin Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması”, Tahirə Quliyeva “Azərbaycan dilinin tədrisində dil problemləri”, Gülarə Məlikova “Reklamların dilində nöqsanlar və onların aradan qaldırılması yolları”, Mehriban Məmmədova “Dilimiz milli sərvətimizdir”, baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova “Şifahi nitqdə norma problemləri” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzəçilər dilimizdə yad dillərin təsiri nəticəsində yaranmış problemlər, onların səbəbləri və aradan qaldırılması yolları, dilimizin saflığının qorunması barədə danışıblar.
Konfransın sonunda Azərbaycan dili kafedrasının müdiri Telman Quliyev Prezident İlham Əliyevin ana dilimizin yad təsirlərdən qorunması haqqında fikir və tövsiyələrinin əhəmiyyətini qeyd edərək bildirib ki, ana dilimizi qorumaq, ona qayğı ilə yanaşmaq və dövlətimizin apardığı dil siyasətini dəstəkləmək filoloqların borcudur.