GDU-da dövlət qulluğu ilə bağlı maarifləndirici seminar keçirilib
Gəncə, 7 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları tərəfindən “Dövlət qulluğunun üstünlükləri, dəyişiklər və perspektiv planlar” mövzusunda maarifləndirici seminar keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, seminarda ƏƏSMN-in Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Rauf Əliyev, sektor müdiri Elçin Cəfərov, baş məsləhətçi Həsənağa Hüseynov, eləcə də Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən regional məşğulluq filialının baş mütəxəssisi Güləndam İslamzadə, aparıcı mütəxəssisi Aygün Qədimova iştirak ediblər. Rektorun baş müşaviri Asif Cavadov qarşıdan gələn Zəfər bayramı münasibətilə bütün iştirakçıları təbrik edib.
Tədbirdə ƏƏSMN-in əməkdaşları çıxış edərək dövlətin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən və ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıblar. Qonaqlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi istiqamətində görülən işlərdən, həmçinin layihələrdən də bəhs ediblər.
Daha sonra dövlət qulluğuna qəbul qaydaları, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, dövlət qulluğuna dair elektron xidmətlər barədə də məlumat verilib.
Sonda dövlət qulluğuna qəbulla bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.