GDU-da Müstəqilliyin Bərpası Gününə həsr edilən tədbir keçirilib
Gəncə, 18 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Azadlığımızın şərəfli tarixi – 18 Oktyabr Müstəqilliyin Bərpası Günü”nə həsr edilən tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, dövlət müstəqilliyinin əldə edilməsinin tarixi hadisə olduğunu bildirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və əbədiliyi təmin edilir.
Daha sonra universitetin Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev “Yüksələn və yeniləşən Azərbaycan” adlı məruzəsində Ulu Öndər Heydər Əliyev siyasətinin Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olduğunu vurğulayıb. Qeyd edib ki, Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizi daha da gücləndirib.
Tədbirdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova “Müstəqil dövlətimiz tarixi əmanətimizdir”, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova “Müasir müstəqillik tariximiz”, Kimya kafedrasının müdiri Aynur Məmmədova “Tarixin ən qüdrətli Azərbaycanı”, Azərbaycan tarixi kafedrasının müəllimi Fərid Vəliyev “Müstəqilliyin bərpasının dünyada əks-sədası” adlı məruzələrlə çıxış ediblər.
Sonda Kimya-biologiya fakültəsinin tələbələri şeirlər səsləndiriblər.