Gələcəyin rəssamı - rənglərin dili ilə danışan Şəmsin uğur hekayəsi VİDEO
Naxçıvan, 9 dekabr, Nail Əsgərov, AZƏRTAC
Təbiətin bizə bəxş etdiyi əsrarəngiz rənglər hər birimizin ruhunu oxşasa da, çoxumuz onların füsunkarlığını dərindən hiss edə bilmirik. Rənglər dünyasının sehrinə bələd olub onun valehedici təsirini tablo üzərində canlandıra bilənlər isə məhz rəssamlardır. Bacarıqlı rəssam rəsm çəkərkən öz fantaziyasını işə salıb daxili aləmini, duyğularını kətan üzərində əks etdirməklə həm də tamaşaçıya nəyisə çatdırmağa, təbliğ etməyə, tanıtmağa çalışır. Təsadüfi deyil ki, rəssamlıq sənəti hər dövrdə insanları düşündürüb, bir çoxlarına qəribə görünən rənglər dünyası bəzilərinin həyat amalına, sənət yoluna çevrilib. Naxçıvanda rəssamlıq sahəsini həyat amalına çevirən, istedadı, bacarığı ilə fərqlənən, kiçik yaşlarından uğurlara imza atan uşaqlar, yeniyetmə və gənclər kifayət qədərdir. Onlardan biri də 2013-cü il martın 5-də Naxçıvan şəhərində dünyaya göz açan Şəms İsayevadır.
AZƏRTAC-ın bölgə müxbiri Şəms İsayevanın təhsil aldığı Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində olub, şagirdin özü və müəllimi ilə söhbət edib.
Məktəbdə öyrənirik ki, 2019-cu ildən Heydər Əliyev adına tam orta məktəbdə ibtidai təhsil almağa başlayan Şəms dərslərdə hər zaman hazırcavablığı ilə seçilib, müsabiqələrdə yüksək nəticələr göstərib. Bütün fənləri sevsə də, ingilis dilinə xüsusi maraq göstərib və əlavə kurslarda iştirak edib. Hazırda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbinin 7-ci sinfində təhsil alan Şəms ingilis dilində sərbəst danışa bilir.
Şəmsin maraqları yalnız elm sahəsi ilə məhdudlaşmır. O, 2021-ci ildən Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində fortepiano dərslərinə də başlayıb. Rəssamlığa olan marağı onu müxtəlif rəsm kurslarına yönləndirib. Uşaqlıqdan internet üzərindən videolara baxaraq şəkillər çəkib, rəngli kağızlardan fiqurlar hazırlayıb. Bu maraqları nəticəsində Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Mərkəzinin həvəskar üzvünə çevrilib. Hazırda o, piano və rəsm dərslərini davam etdirməklə yanaşı, məktəbdə yerləşən Olimpiada Mərkəzində beynəlxalq riyaziyyat yarışlarına da hazırlaşır. Eyni zamanda, gələn ilin mart ayında keçiriləcək beynəlxalq musiqi yarışında birinci yer tutmaq arzusundadır.
Şəms deyir ki, balaca yaşlarından dekorativ əl işlərinə və rəsmə böyük marağı olub. Xoşbəxtlikdən ailəsi də bu marağı dəyərləndirərək onu kurslara yazdırıb: "Orta məktəbdə oxuyanda bir sıra müsabiqələrə qatılmışam. Əl işlərim bəyənilib, sertifikat, diplom və təşəkkürnəmələrə layiq görülmüşəm. Bilirəm ki, bütün yaradıcı sahələr kimi, rəssamlıq da dərin sahədir. Hər gün müəllimimdən bu sənətə dair yeni nəsə öyrənməyə çalışıram".
2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Zəfər bütün yaradıcı ruhlu yeniyetmə və gənclərimiz kimi, Şəmsin də təfəkkür dünyasına sirayət edib. O dekorativ-tətbiqi sənətinə xas əl işində Şuşanın rəmzi sayılan Xarıbülbülü canlandırıb, eyni zamanda, "Zəfərlə geri dönən əsgər"in təsvirini də məharətlə yarada bilib. Gələcəkdə Vətən müharibəsində igidlik göstərən qəhrəmanlarımızın portretini də çəkmək arzusundadır.
Şəmsin təsviri incəsənət müəllimi və dərnək rəhbəri Aidə İbrahimova dərnəyin fəaliyyətindən, şagirdlərinin maraq və yaradıcılıq dünyasından ürək dolusu danışır: "Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində təhsil alan bütün şagirdlər istedadlıdırlar. Sevindirici haldır ki, onlar elm öyrənməklə yanaşı, incəsənətimizə də böyük maraq göstərirlər. Elə bu marağı nəzərə alaraq dərsdən sonra incəsənət dərnəyimiz fəaliyyətə başlayıb. Uşaqlar dərnəkdə həm dekorativ tətbiqi sənət, həm də rəssamlıqla məşğul olurlar. Onların yaradıcılıq dünyalarının zənginliyini və hədsiz həvəslərini, maraqlarını nəzərə alaraq, çalışırıq ki, bu sənətin sirlərini daha dərindən öyrədək. Vurğulamaq istəyirəm ki, rəssamlıqda təkcə uşaqların rəng duyumu deyil, eləcə də bu barədə öyrəndikləri biliklər də mühüm rol oynayır. Dərsdə öyrəndikləri, eləcə də mütaliə vərdişlərinə yiyələnməklə şagirdlərin zəngin yaradıcılıq düşüncəsi formalaşır ki, onlar onu kətan üzərinə köçürtməyə çalışırlar. Çəkilən hər rəsm, hazırlanan əl işi təbii ki, həm də uşaqların fantaziyasının genişliyindən xəbər verir".
Aidə müəllimə inanır ki, Şəms gələcəkdə hansı peşəyə yiyələnməsindən asılı olmayaraq, rəssamlıq sənətini də davam etdirəcək və bu sahədə uğur qazanacaq. "Düşünürəm ki, Şəmsin sənətdə görəcəyi işlər hələ qarşıdadır. Bizim onunla bağlı birgə məqsədlərimiz, planlarımız vardır. Xüsusilə də milli dəyərlər mövzusunda maraqlı işlər gerçəkləşdirmək istəyirik. Şəmsin timsalında bütün şagirdlərimə gələcək fəaliyyətlərində uğurlar arzulayıram",- deyə o əlavə edir.
Deyirlər, istedad sonradan yaranmır, insanla birgə doğulur. Aidə müəllimənin fikirlərindən, eyni zamanda, kiçik yaşında ortaya qoyduğu bacarığından belə nəticəyə gəlmək olur ki, Şəmsdə də istedad anadangəlmədir. İnanırıq ki, o, öz üzərində yorulmadan çalışaraq gələcəkdə həm elmdə, həm də incəsənətdə böyük uğurlara imza atacaq.