“Gələcəyini dizayn et” – gənclər üçün təcrübə imkanı
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi olan “Gələcəyini dizayn et” layihəsinin açılış mərasimi keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində dərslərin daha effektiv keçirilməsi üçün Xətai metrosu yaxınlığında yerləşən yeni tikilmiş yaşayış binasına baş çəkilib və layihə iştirakçılarına orada olan tikintinin lazer metrə ilə ölçü götürülməsi, eskiz çəkilməsi və bəzi memarlıq konstruksiyaları haqqında məlumat verilib.
Dərslər bazar ertəsi və cümə axşamı günlərində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təlim mərkəzində keçiriləcək. Layihə çərçivəsində, maddi ehtiyacı olan 20 gəncə 1 ay müddətində ödənişsiz AutoCad proqramı tədris ediləcək.
Qeyd edək ki, layihə Gənclər Fondunun maliyyə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.