FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu gün FAO-nun yaradılmasından 81 il ötür. Bu müddət ərzində ərzağın əlçatanlığının təmin edilməsi, ərzaq istehlakının yaxşılaşdırılması və hər kəsin sağlam qidalanma imkanlarına çıxışının təmin olunması istiqamətində böyük irəliləyişlər əldə etmişik. Bütün bunlar insanların cəmiyyətin və iqtisadiyyatın məhsuldar üzvləri kimi fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, qarşımızda hələ də çoxsaylı çağırışlar var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat deyib.
Qarşıda həllini gözləyən problemlərin hələ də qaldığını vurğulayan N. Hayat əlavə edib ki, bu problemlərin həlli üçün elm, texnologiya və innovasiya sahələrində imkanlar mövcuddur: "İnnovasiya ilə bağlı əsas mesajımız ondan ibarətdir ki, bu inklüziv olmalıdır, kiçik fermerləri, qadınları və gəncləri əhatə etməlidir. İnnovasiya mütləq mürəkkəb olmalı deyil. Daha az resursdan istifadə etməklə daha çox məhsul istehsal etməyə imkan verən sadə innovativ həllər də mövcuddur. Hamımızın nail olmağa çalışdığımız məqsəd məhz budur. Xüsusilə Azərbaycanda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı bu sahədə irəliyə doğru atılmış mühüm addımdır. Bu proqram kənd təsərrüfatının əsasən dolanışıq məqsədli fəaliyyətdən ölkənin iqtisadi artımının mühüm tərkib hissəsinə çevrilməsinə şərait yaradır".