ELM VƏ TƏHSİL
Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EF) və Gənclər və İdman Nazirliyi tərəfindən gənc alim və mütəxəssislərin dördüncü birgə qrant müsabiqəsinin (“Mənim ilk qrantım”) nəticələri açıqlanıb. Müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, Elmin İnkişafı Fondu ilə Gənclər və İdman Nazirliyi arasında qurulmuş əməkdaşlıq, bu qurumlar arasında 2017-ci il mayın 22-də imzalanmış protokolun müddəaları nəzərə alınmaqla keçirilib.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, 2017-ci il mayın 25-də elan edilən müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub, layihələrin ekspertizası işinə fondun daimi ekspertləri, yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunublar. İlk dəfə gənc alim və mütəxəssislər qrant layihələrini “online” rejimdə, “e-Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim ediblər. Nəticələr Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin Birgə Komissiyasında da müzakirə olunub.
"Mənim ilk qrantım" üzrə ümumi maliyyələşdirilmə həcmi altı yüz min (600.000) manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib gələn layihələrin sayı üzrə) xeyli yüksək (56 faiz) olub.
Gənc alim və mütəxəssislərin dördüncü qrant müsabiqəsi üzrə qalib layihələr Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Slavyan Universitetində, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, “Gənclər Turizmi” ictimai birliyində və “Azərbaycan Elm Assosiasiyası”nda yerinə yetiriləcək.
Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterlidir, iki layihə üzrə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş "Neft və geoekologiya" mövzusunda birinci beynəlxalq məktəb-seminar və “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı təşkil olunaraq keçiriləcək. Fizika-riyaziyyat və texnika elmləri üzrə üç layihə, Yer haqqında elmlər üzrə üç layihə, kimya elmləri üzrə dörd layihə, biologiya, tibb və aqrar elmlər üzrə üç layihə, humanitar və ictimai elmlər üzrə isə altı layihə qalib olub. Qalib layihə rəhbərlərindən 14-ü qadın, beşi isə kişidir.
Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq mümkündür.