ELM VƏ TƏHSİL
Gənc alimin tədqiqat əsəri türk dilində nəşr olunmuşdur
![Gənc alimin tədqiqat əsəri türk dilində nəşr olunmuşdur](/files/2013/3/1200x630/14071451133691050238_1200x630.jpg)
Bakı, 6 noyabr (AZƏRTAC). Beynəlxalq münasibətlər üzrə mütəxəssis, iqtisad elmləri namizədi Ərəstü Həbibbəylinin “Sivilizasiyaların kəsişməsində türk dünyası” (“Uygarlıkların kavşağında türk dünyası”, İstanbul, Yedirenk, 2013, 230 səh.) monoqrafiyası Türkiyədə nəşr edilmişdir.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” sözləri epiqraf kimi seçilən kitabda bəşər cəmiyyətinin min illərdən bəri qarşılaşdığı müxtəlif sivilizasiyalar arasındakı münasibətlərdən bəhs olunur.
Müəllif əsərin əvvəlində sivilizasiya anlayışı və onun əsasında dayanan dəyərlərin, həmçinin sivilizasiyaların təsnifatını verərək mədəniyyət və sivilizasiya anlayışları üzərində qurulmuş geosiyasi əlaqələri araşdırmışdır. Azərbaycan, türk, rus və ingilis dillərində çeşidli ədəbiyyatdan və internet materiallarından qaynaqlanmış kitabda bəşər sivilizasiyaları arasında özünəməxsus xüsusiyyətləri ilə seçilən türk sivilizasiyası, onun qədim tarixi, eləcə də digər sivilizasiyalarla əlaqələr barədə söhbət açılmışdır.
Tədqiqatçı alimin fikrincə, sivilizasiyaların meydana gəlməsində əsas rolu geosiyasət oynayır. Bu baxımdan türk sivilizasiyası çöl xarakteri daşımaqdadır. Yəni türk sivilizasiyası əsasən çöl coğrafiyasında meydana çıxmış, çöl şərtlərində formalaşmışdır. Eyni şəkildə slavyan sivilizasiyası meşə, Qərb sivilizasiyası isə dəniz xarakterlidir.
Əsərdə türk-Çin, türk-slavyan, türk-İran, türk-ərəb, türk-Qərb sivilizasiyaları arasındakı əlaqələrə toxunulmuş, diqqət çəkən fikirlər ortaya qoyulmuşdur. Həmçinin türk sivilizasiyasının əsas etibarilə ən qədim sivilizasiyalardan olduğu vurğulanmış, dünyanın sivilizasiya üzrə tədqiqatçı alimlərinin türk sivilizasiyasına fərqli yanaşma tərzi barədə məlumat verilmişdir.
Əsəri türkcəyə filologiya üzrə fəlsəfə doktoru Yusif Gədikli tərcümə etmişdir.