Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin birliklərinin, Əlahiddə Ümumqoşun Ordusunun, Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilərək dövlət himni səsləndirilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər.
Mərasimdə çıxış edən hərbi qulluqçular, valideynlər, veteranlar və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.