Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları şəhid və qazi ailələri ilə görüşüblər
Bakı, 12 oktyabr, AZƏRTAC
Gəncədə şəhid və qazi ailələri ilə görüş keçirilib.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları əvvəlcə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olan Zərbəli Qafarovun ailəsini ziyarət ediblər. Görüş zamanı şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb.
Daha bir görüş Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olan baş leytenant Elgün Xıdırovun ailəsində keçirilib. Tədbirdə Vətən torpağı uğrunda qəhrəmanlıqla döyüşən şəhidlərimizin gələcək nəsillər üçün örnək olduqları bildirilib.
Miqrasiya idarəsinin əməkdaşları Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanmış Vətən müharibəsi qazisi, əsgər Samir Alıyevin də ailəsinə baş çəkiblər. Görüşdə Vətən uğrunda sağlamlıqlarını itirmiş qazilərimizin daim diqqətdə saxlanıldığı vurğulanıb.
Sonda hər üç ailəyə yardımlar göstərilib.