GƏNCƏDƏ 2-Cİ BEYNƏLXALQ İNFRASTRUKTUR SƏRGİSİ AÇILMIŞDIR
Gəncədəki Olimpiya-İdman kompleksində 2-ci Beynəlxalq İnfrastruktur Sərgisi açılmışdır.
İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Gəncə Şəhər Sahibkarlar Assosiasiyasının və şəhər icra hakimiyyətinin birgə dəstəyi ilə təşkil olunmuş sərgidə ölkənin aparıcı şirkətləri sənaye və xidmətlər sahəsində əldə edilmiş ən son nailiyyətləri nümayış etdirirlər.
Tikinti və interyer, qida sənayesi, kənd təsərrüfatı, banklar və sığorta sahələrinin təmsil olunduğu sərgi bir növ işgüzar fəaliyyətin mərkəzinə çevrilmişdir. Sərgidə mütəxəssislər təcrübə mübadiləsi aparmaq və satış bazarını genişləndirmək məqsədi ilə sərgidə etibarlı məlumatlar alır, işgüzar əlaqələr yaratmaq və bir çox sahələrdən faydalanmaq imkanı əldə edirlər.
Əvvəlki sərgidən fərqli olaraq, bu beynəlxalq tədbirdə regionda fəaliyyətini genişləndirmək arzusunda olan bir neçə şirkət də iştirak edir. Onların arasında “Azersun Holdinq” şirkətlər qrupu, Fatoğlu, Bank “Respublika”, ”Azərbaycan” bankı, “AtaBank”, “Bakısığorta”, “Qarant sığorta” və “Parex Leasing” kimi aparıcı şirkət və müəssisələr də vardır. Təkcə paytaxt Bakıda deyil, regionlarda fəaliyyət göstərən “WestAzBuild” inşaat sektoru da sərgiyə qatılmışdır.
Sərginin təşkilatçısı, İTE GROUP PLC-nin satış üzrə direktoru Bəhruz Hidayətzadə AZƏRTAC-ın müxbirinə demişdir ki, 2-ci Beynəlxalq İnfrastruktur Sərgisinin təşkilində əsas məqsəd regionun və bütövlükdə Azərbaycanın aparıcı şirkətlərini bir yerə toplamaqdır. Məlum olduğu kimi, 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı qərb bölgəsində uğurla həyata keçirilmişdir. Artıq növbəti beşillik üçün yeni proqram hazırlanır. Həmin proqramda regionların infrastrukturuna, xüsusilə də qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetiriləcəkdir. Bu baxımdan indiki sərginin Gəncə-Qazax iqtisadi regionunun inkişafında əhəmiyyəti çox olacaqdır.
Onu da qeyd edək ki, beynəlxalq sərgidə müşahidəçi kimi iştirak edən bir neçə xarici ölkə nümayəndələri tədbirə böyük maraq göstərirlər. Onlar yerli iş adamları ilə tərəfdaşlıq əlaqələri qurmaq üçün işgüzar söhbətlər aparır, regionda gedən iqtisadi proseslərdə yaxından iştirak etmək istəyi ilə yeni mallar və xidmətlər təklif edir, eyni zamanda, yerli istehsalçıların məhsullarına da maraq göstərdiklərini bildirirlər.
Sərgi üç gün davam edəcəkdir.
######
