Gəncədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının konsert proqramı keçirilib
Gəncə, 20 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş musiqili-tarixi esse təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salınıb.
Konsert proqramının bədii rəhbəri, Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi, Əməkdar artist Mübariz Həmidovdur.
Tədbirdə teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.
Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.