Gəncədə “Polşa azərbaycanlı rəssamların gözü ilə” adlı sərgi açılıb
Gəncə, 5 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Polşanın Azərbaycandakı səfirliyinin, Arts Council Azerbaijan” QHT-nin və “Gence Mall”ın birgə təşkilatçılığı ilə “Polşa azərbaycanlı rəssamların gözü ilə” adlı sərgi açılıb. Tədbir Polşa ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edərək Bakı və Gəncədən olan rəssamları vahid yaradıcılıq mühitində bir araya gətirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimindən əvvəl rəssamların iş prosesinin ictimaiyyət üçün açıq şəkildə nümayiş olunması qonaqlara yaradıcılıq prosesini yaxından izləmək, suallar vermək və rəssamlarla ünsiyyətdə olmaq imkanı yaradıb.
Sözügedən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Polşanın Azərbaycandakı səfiri Pavel Radomski, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, “Gence Mall”ın rəhbəri Şərif Ələkbərli, layihə rəhbəri və mədəniyyət xadimi Dadaş Məmmədov, eləcə də şəhər icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak ediblər.
Rəsmi qonaqlar nümayiş olunan əsərlərlə tanış olub, rəssamlarla söhbət edərək beynəlxalq mədəni layihələrin regionların və yaradıcı gəncliyin inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Daha sonra sərginin açılışı baş tutub.
Ekspozisiyada Bakı və Gəncəni təmsil edən istedadlı gənc rəssamların əsərləri təqdim olunub.
Çıxış edən rəsmilər bu kimi təşəbbüslərin şəhərin yaradıcı mühitinin inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, sərginin əsas məqsədi gənclərin incəsənətə marağını artırmaq və azərbaycanlı rəssamların yaradıcılığını geniş auditoriyaya çatdırmaqdır.
Qeyd edək ki, “Polşa Azərbaycanlı rəssamların gözü ilə” sərgisi “Gence Mall”da fəaliyyətini davam etdirir və ziyarətçilərə Azərbaycan rəssamlarının Polşa mədəniyyətinə, onun vizual obrazlarına müasir baxışını görmək imkanı təqdim edir.