Gənclər arasında intellektual bilik yarışı təşkil olunub
Bakı, 12 avqust, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi və Şirvan şəhər Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə 12 avqust - Beynəlxalq Gənclər Günü ərəfəsində Şirvan şəhərində tələbə-gənclər arasında “Vətənini tanı” adlı intellektual bilik yarışı təşkil olunub.
Gənclər üçün Təhsil Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yarışda 17 komanda olmaqla, 85 gənc mübarizə aparıb. Yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
18 saylı məktəb liseydə keçirilən açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Şirvan regional ofisinin rəhbəri Yusif Poladov ölkədə aparılan gənclər siyasətinin hədəflərini, gənclər təşkilatlarının və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb.
Şirvan şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əfqan Həsənov və digər qonaqlar yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduqlarını diqqətə çatdırıblar.
Daha sonra komandaların iştirakı ilə yarış başlayıb. Final görüşündə 5 ən güclü intellektə sahib olan komanda arasında gedən mübarizədə “Güvən” komandası 1-ci, “4+1” komandası 2-ci, “Bermud” komandası 3-cü yerə layiq görülüb.
Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.