REGİONLAR
Gənclər Fondunun Naxçıvan filialının yaradılması gənclər üçün böyük imkandır - ŞƏRH

Naxçıvan, 22 fevral, Nail Əsgərov, AZƏRTAC
Azərbaycanın dinamik inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Dövlət başçısı tərəfindən ötən illər ərzində gənclərin hərtərəfli inkişafı ilə əlaqədar bir sıra Dövlət proqramları imzalanıb ki, həmin sənədlərdə də gənclərin cəmiyyət həyatında fəallığının təmin edilməsi yönündə bütün məsələlər əksini tapıb.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov söyləyib.
O deyib: “Gənclərlə iş sahəsində atılan daha bir addım Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının yaradılmasıdır. Bu, Naxçıvanda yaşayan gənclər üçün böyük imkandır, gəncləri yüksək perspektivlər gözləyir. Əminəm ki, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının yaradılması muxtar respublikada gənclər sektorunun inkişafına yeni təkan verəcək. Filial gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, könüllülük hərəkatının daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Gənclər siyasətindəki yeni çağırış və hədəflər də nəzərə alınaraq qeyd etmək olar ki, bundan sonra dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin daha fəal iştirakı təmin olunacaq, beynəlxalq tədbirlərdə iştirakına yol açılacaq, gəncləri əhatə edən qeyri-hökumət təşkilatlarının sayı artacaq, onlar ölkədə gedən bütün proseslərin mərkəzində olmaqla böyük inkişaf yoluna qədəm qoyacaqlar. Gənclər Fondunun filialı ilk dəfə Naxçıvanda yaradılıb və inanıram ki, böyük perspektiv mənbəyinə çevriləcək və gələcəkdə yarana biləcək filiallar üçün baza, nümunə rolunu yerinə yetirəcək”.
Qeyd edək ki, ötən gün “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsi ləğv edilib, Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının qərarı ilə fondun Naxçıvan filialı yaradılıb.