Gənclər və İdman naziri qəbulların onlayn keçirilməsinin mümkünlüyünü bildirib
Bakı, 22 aprel, AZƏRTAC
Gənclər və İdman naziri Azad Rəhimov aprelin 22-də rayon gənclər və idman idarələrinin rəhbərləri ilə onlayn müşavirədə vətəndaşlarla mütəmadi olaraq keçirilən qəbulların koronavirus (COVID-19) infeksiyası səbəbindən dayandırıldığını deyib və bu qəbulların idarələrin yardımı ilə onlayn keçirilməsinin mümkünlüyünü bildirib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirənin əsas məqsədi koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə elan olunmuş karantin müddətində rayon gənclər və idman idarələrinin fəaliyyəti, rayon gənclərinin nazirliyin həyata keçirdiyi layihələrə qoşulmaları istiqamətində görülən işlərlə, onların fəaliyyəti ilə daha yaxından tanış olmaq, arzu və istəklərini dinləmək olub.
Müşavirədə Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də daxil olmaqla, ümumilikdə, 70-dən çox rayon və şəhər gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.
Nazir Azad Rəhimov Prezident İlham Əliyev tərəfindən koronavirus pandemiyasına qarşı mübarizədə qabaqlayıcı və düşünülmüş addımlar atıldığını vurğulayaraq, dövlətin vəziyyəti ilkin mərhələdən etibarən nəzarət altında saxladığını bildirib.
Görülən işlərdən danışan nazir region gəncləri tərəfindən dövlətimizin başçısı İlham Əliyevin apardığı siyasətin fəal şəkildə təbliğinin önəmini diqqətə çatdırıb, gənclərin bu dövrdə daha fəal, yaradıcı olmalarını, gələcəyə istiqamətlənmiş, karantin dövrü başa çatdıqdan sonra belə onların həyat kredosuna çevriləcək şüarların hazırlanmasının vacibliyini vurğulayıb.
Nazir karantin müddətində qurumun istər gənclər, istərsə də idman sahələrini əhatə edən “Evdə qal, idmansız qalma!”, “İdeya var”, “Tələbə baharı”, “Evdə addımla” və neçə illərdir uğurla həyata keçirilən “Virtual Qarabağ”, eləcə də yeni “Mənim qəhrəmanım” layihələri barədə söz açıb, region gənclərinin də onlara cəlb olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Zərdab, Oğuz, Masallı, Sabirabad, Siyəzən və Bərdə rayonlarının idarə rəisləri görülən işlərlə bağlı çıxış ediblər.