“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin yeni layihəsinin təqdimatı keçirilmişdir
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Gəncədəki Azərbaycan Texnologiya Universitetində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” adlı layihəsinin təqdimatı keçirilmişdir.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Ramin Cəfərov, GEAD təşkilatının sədri dosent Məmmədəli Babaşlı son vaxtlar ölkəmizdə dövlət gənclər siyasəti çərçivəsində bir çox mühüm tədbirlərin keçirildiyindən danışmışlar.
Bildirilmişdir ki, bu siyasət ölkəmizdə təhsilin və tədqiqatların səviyyəsini yüksəltməyi, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə genişmiqyaslı islahatların aparılmasını, ali təhsil müəssisələrində yüksək ixtisaslı kadrların hazırlanmasını, həm də gənc alimlərin beynəlxalq elmi mühitə inteqrasiyasını nəzərdə tutur.
Diqqətə çatdırılmışdır ki, İctimai Birlik regiondakı gənclərin elmi tədqiqatlarının keyfiyyətinin artırılmasına, onların beynəlxalq konfranslarda iştirakına, beynəlxalq elmi jurnallarda məqalələrinin nəşrinə qoyulan tələblər istiqamətində maarifləndirilməsinə və beynəlxalq elmi mühitə inteqrasiyası baxımından zəruri hesab edərək, “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” adlı layihənin icrasını əhəmiyyətli saymışdır.
Tədbirdə gənclərin beynəlxalq elmi jurnalların tələbləri baxımından maarifləndirilməsinin elmi tədqiqatlar mövzusuna çevrilməsinin, gənc alimlərin bu sahədə araşdırmalara istiqamətləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Mərasimdə “Elmi tədqiqat prosesində informasiya texnologiyalarından istifadə qaydaları”, “Beynəlxalq elmi bazaların, rəqəmsal kitabxanaların axtarış imkanları”, “Beynəlxalq indeksli elmi jurnallarda məqalələrin nəşrinə qoyulan tələblər”, “Gənclərin beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində motivasiya edilməsi”, “Elmi məqalə, məruzə və tezislərin müasir tədqiqat üsullarına uyğun olaraq hazırlanması” mövzularında məruzələr dinlənilmişdir.