Gənclərin İnkişaf Akademiyası yaradılır
Bakı, 1 noyabr (AZƏRTAC). Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin İnkişaf Akademiyası” layihəsinin icrasına başlamışdır.
Gənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin məqsədi ölkəmizin müxtəlif şəhər və rayonlarından olan gənclərin ictimai və digər sahələrdə inkişafına, təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdir.
Bakı, Sumqayıt, Mingəçevir, Ağcabədi və Hacıqabulda həyata keçiriləcək layihə, bir neçə mərhələdə icra olunacaqdır. Birinci mərhələdə sözügedən hədəf ərazilərdə Gənclərin İnkişaf Akademiyası yaradılacaq, onların strukturu formalaşdırılacaq və fəaliyyət göstərməsi üçün zəruri təlimlər keçiriləcəkdir.
İkinci mərhələdə isə yaradılmış akademiyalar vasitəsilə gənclərin inkişafına yönəlmiş müvafiq işlərin aparılması nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində gənclərin ictimai təşəbbüskarlığının artırılması ilə yanaşı, onların iştirakı ilə sosial aksiyaların, tədbirlərin, müsabiqə və yarışların, mədəni və idman tədbirlərinin təşkili nəzərdə tutulur. Bunlarla yanaşı, həftənin sonlarında layihə iştirakçıları ilə aktiv gənc liderlərin, deputatların, media rəhbərləri və digər tanınmış simaların görüşləri planlaşdırılır.
Layihənin rəhbəri Qızılgül Teyyubovanın verdiyi məlumata görə, yaradılacaq akademiyalar Mərkəzin sözügedən regionlardakı ofislərində fəaliyyət göstərəcəkdir. Artıq bununla bağlı zəruri şərait yaradılmışdır. Gənclərin inkişafına yönəlmiş bu layihə çərçivəsində beynəlxalq təcrübədən də geniş istifadə olunacaqdır. Belə ki, gənclərlə aparılan işlərin məzmun və formasında yeniliklər tətbiq olunacaqdır.