Gənclərin könüllü aksiyalarda aktivliyi ətraf mühit problemlərinin həllində mühüm rol oynayır
Bakı, 22 fevral, AZƏRTAC
Ekoloji maarifləndirmə proseslərinə cəlb edilənlər arasında gənclər üstünlük təşkil edir. Gənclərin yeniliyə daha açıq olması, onların parlaq yanaşma tərzi, proseslərdə aktiv iştirakı ətraf mühit problemlərinin həllində mühüm rol oynayır. Ona görə də gənclərin ekoloji problemlərin həllində aktivliyini artırmaq üçün müxtəlif tədbirlər təşkil edilir, onlar könüllü proqramlara cəlb edilirlər. Gənclərin müxtəlif ekoloji aksiyalara cəlb olunması prosesi 2022-ci ildə də davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova nazirliyin feysbuk hesabında canlı yayımda çıxışı zamanı deyib.
S.Məmmədova bildirib ki, gənclərin cəlb edildiyi aksiyaların mövzuları genişdir: “Belə müsabiqə və tədbirlər, adətən, tullantıların emalı, su ehtiyatlarından səmərəli istifadə, çirklənmənin və qanunsuz balıq ovunun qarşısının alınması, Xəzər dənizinin mühafizəsi və s. kimi mövzuları əhatə edir. Bəzi hallarda gənclərin ekoloji problemlərin həllinə yönəlmiş kiçik biznes ideyaları, startap layihələri dəstəklənir. Biz adətən məktəblilər və tələbələrlə görüşdə daha çox bu sahəyə marağı olan və ya ekologiya üzrə təhsil alan auditoriyanı hədəf seçirik. Müraciət edən könüllülər isə bir çox hallarda iş sahibi olsalar belə, görünür, ətraf mühitin mühafizəsində yaxından iştirak etmək istəyirlər. Bu, çox sevindirici haldır və gənclərin ətraf mühitin mühafizəsində həvəsli olduğunu göstərir. Bütün faktorlar nəzərə alınaraq, gənclər üçün, mütəmadi olaraq, müxtəlif müsabiqələr təşkil olunur. Belə müsabiqələrdə iştirakçı çox olur və onlar müsabiqə şərtlərinə uyğun olaraq, müxtəlif kateqoriyalar üzrə mükafatlandırılırlar”.