“Gənclik üçün oxu” və “Musiqimiz” layihələrinin təqdimatı olub
Bakı, 27 may, AZƏRTAC
“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi 28 May - Respublika Günü münasibətilə “Gənclik üçün oxu” və “Musiqimiz” layihələrinin təqdimatını keçirib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, İctimai Birliyin icraçı direktorunun müavini Murad Ağabəyli rəhbəri olduğu hər iki layihənin məqsədi və icrası haqqında məlumat verib. Bildirib ki, layihələrin məqsədi Azərbaycanın klassik əsərlərinin gənclər arasında təbliği, onlar arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənc musiqiçilərin ictimaiyyətə tanıdılmasıdır.
Fondun icraçı direktoru Fərid Cəfərov çıxışında rəhbərlik etdiyi qurumun gənclər üçün yaratdığı imkanlardan, eləcə də layihələrin önəmindən danışıb.
Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə nazirliyin gənclərin mədəniyyət sahəsində ideyalarının dəstəklənməsinə maraq göstərdiyini, bu cür əməkdaşlığın davamlı olacağını vurğulayıb.
Sonra hər iki layihə çərçivəsində hazırlanmış kliplərin təqdimatı keçirilib, iştirakçılara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
“Gənclik üçün oxu” layihəsində ümumilikdə 40-dan çox musiqiçi iştirak edib. Sözləri Nəbi Xəzriyə, musiqisi Müslüm Maqomayevə məxsus olan “Azərbaycan” mahnısı layihə çərçivəsində yeni formada aranjeman olunaraq gənclər tərəfindən ifa edilib, klip çəkilib. Bundan başqa, görkəmli bəstəkar Fikrət Əmirovun “Poema monoloq” əsəri də gənc musiqiçilər tərəfindən violonçel və pianoda ifa edilib.
“Gənclik üçün oxu” layihəsi Gənclər Fondunun, “Musiqimiz” layihəsi isə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən həyata keçirilib. Hər iki layihə çərçivəsində görülən işlərin davam etdirilməsi nəzərdə tutulur.