CƏMİYYƏT
General-polkovnik Tofiq Ağahüseynov: Azərbaycan əsgərinin ən güclü silahı onun sarsılmaz vətənpərvərlik ruhudur
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini və döyüş texnikasını aşkarlayaraq məhv ediblər. Ümumiyyətlə, Ermənistan sistemli şəkildə cəbhə bölgəsində təxribatlar törədir. Baş verənlərə görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür. Cəbhədə baş verənlər Azərbaycan Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, bu barədə Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov deyib.
O qeyd edib ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. İndi biz ordumuzda vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq.
Ordumuzu məğlubedilməz edən “Öncə Vətəndir!” deyən oğullarımızdır. Ordumuzu yenilməz edən həm də onun güclü silah-sursata və texnikaya sahib olmasıdır. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir. Çünki əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu sarsılmazdır. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində düşmən əsgərləri artıq silahlarını döyüş meydanında qoyub qaçırlar.
Tofiq Ağahüseynov bildirib ki, bu gün Azərbaycan Ordusunun cəbhədəki uğurları, düşmənlə təmas xəttində vətənpərvər əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır. Artıq Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür. Hər kəsdə ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz ordumuzu qələbəyə ruhlandırır. Hamı inanır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı yaşadacaq.
“İndiki həssas məqamda Azərbaycan xalqını, cəmiyyətin bütün təbəqələrini fikir ayrılıqlarını bir kənara qoyaraq Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram. Biz birlikdə güclüyük. Bu gün çoxsaylı veteranlarımız da Prezident İlham Əliyevin əmrlərinə hər an müntəzirdir. İşğal altındakı torpaqlarımızın azad olunmasında ölümə getməyə tərəddüd etməyən veteran ordusu Vətənimiz uğrunda döyüşməyə hazırdır”, - deyə general-polkovnik T.Ağahüseynov vurğulayıb.