ELM VƏ TƏHSİL
GGİ üzrə elmi-populyar kitabların nəşrə tövsiyəsi məsələsinə baxılıb
Bakı, 3 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İnstitutun baş direktoru akademik Akif Əlizədə Elmi şuranın gündəliyi ilə iclas iştirakçılarını tanış etdikdən sonra “Qafqaz-Xəzər bölgəsinin iqlim, müasir tektonik proseslər, dəniz səviyyə dəyişmələri və topoqrafiya əlaqəsinin təhlili (2020-2023)” mövzusunda Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirovun və Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminovun məlumatları dinlənilib. Alimlər mövzuya uyğun olaraq Xəzər dənizinin su səthinin dinamikası, atmosfer dəyişiklikləri ilə bağlı son illərin nəticələrini təqdim ediblər.
“Azərbaycanın müalicəvi neftlərinin (Naftalan) biomarkerləri və adamantoidləri (2021 2023)” mövzusunda fizika-riyaziyyat elmləri doktoru Qalina Martınovanın təqdimatı maraqla qarşılanıb. Məruzəçi müalicəvi və yanacaq təyinatlı Azərbaycan xam neftindən səhiyyədə istifadə üsullarını, Naftalan neftinin mikrobioloji xüsusiyyətlərini, ümumiyyətlə, naftalanoterapiya istiqamətində tətbiq olunan neftin tərkibi barədə məlumat təqdim edib. Mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb.
Sonra kadr hazırlığı haqqında yer elmləri üzrə fəlsəfə doktoru Səadət Ələkbərova məruzə edərək bildirib ki, 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasını müvəffəqiyyətlə başa vurmuş I və II kurs magistrantları attestasiyadan keçiblər. Attestasiya GGİ-nin icraçı direktoru AMEA müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə aparılıb. O, geologiya, geologiya mühəndisliyi və geofizika mühəndisliyi ixtisasları üzrə təhsil alan magistrantların qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti və digər işlər barədə attestasiya üzrə komissiyanın qərarını Elmi şuraya təqdim edib və sənəd təsdiq edilib.
İclasda, həmçinin Geologiya və Geofizika İnstitutu üzrə elmi-populyar kitabların nəşrə tövsiyəsi məsələsinə baxılıb və üç adda kitabın bu il çap edilməsi qərara alınıb.