Gömrük Akademiyasında ISO standartları üzrə təlimlər keçirilir
Bakı, 1 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) beynəlxalq standartlar sisteminin qurulması, akademiyanın beynəlxalq təhsil məkanına inteqrasiya olunması, təhsil sahəsində beynəlxalq layihələrə qoşulması və DGKA-da təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkili məqsədilə akademiyanın struktur bölmələrinin əməkdaşları üçün təlimlər keçirilir.
DGKA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin Akademiyası və Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlər TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani tərəfindən aparılır. ISO 9001-2015 (Keyfiyyəti idarəetmə sistemi) standartı üzrə başlanmış təlimləri uğurla bitirən akademiya əməkdaşlarına sertifikatlar təqdim olunacaq.