Gömrük Komitəsi onlayn qaydada vətəndaşların suallarını cavablandıracaq
Bakı, 4 mart, AZƏRTAC
Martın 5-də Dövlət Gömrük Komitəsinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində canlı yayımda “Yaşıl dəhliz” buraxılış sistemi və “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, saat 12:00-13:00 arası baş tutacaq canlı yayımda suallara Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən cavab veriləcək.
Qeyd edilib ki, suallar yalnız mövzu ilə bağlı olmalıdır. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara canlı yayımdan sonra müraciət edənlərin “Facebook”da şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək.