Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər
Bakı, 4 aprel, AZƏRTAC
Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti bütün zəruri addımları atır, təxirəsalınmaz tədbirlər həyata keçirir. İlk gündən bu infeksiyanın yayılmasının qarşısının alınmasında fərqlənən gömrük əməkdaşları daha nümunəvi addım ataraq aztəminatlı ailələrə yardım ediblər.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunun əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar Balakən rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər. Gömrükçülər sözügedən ailələrə ərzaq məhsulları verib, eləcə də onlarla profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi ilə əlaqədar evdə qalmalarını tövsiyə ediblər.
Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə, Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.