MƏDƏNİYYƏT
Görkəmli opera müğənnisi Hüseynqulu Sarabskinin 140 illiyi qeyd ediləcək
Bakı, 4 mart, AZƏRTAC
Prezident İlham Əliyev görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, görkəmli sənətkarın 140 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda qeyd edilib ki, Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak etmiş, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr vermişdir.