Göyçayda “Narın nağılı” kitabının, “Nar etiketi”nin və digər layihələrin təqdimatı olmuşdur
Göyçay, 5 noyabr (AZƏRTAC). “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi son 4 ildə reallaşdırdığı layihələrin təqdimatını keçirmişdir. AZƏRTAC xəbər verir ki, bununla bağlı Heydər Əliyev parkında keçirilən toplantıda təşkilatın ötən illərdəki fəaliyyətini əks etdirən fotostend nümayiş olunmuşdur. Eyni zamanda Göyçay Rayon İcra Hakimiyyətinin, “İrəli” İctimai Birliyinin dəstəyi ilə işıq üzü görmüş “Narın nağılı” kitabı təqdim edilmişdir. Məlumat verilmişdir ki, kitabın 500 nüsxəsi VIII nar bayramının iştirakçılarına paylanılmışdır.
Bundan əlavə, ictimai birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə həyata keçirilən “Göyçay rayonunda narçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində narın Göyçay üzrə klasterləşdirilməsi üçün yaradılmış “Nar etiketi” hazırlamışdır. Toplantıda həmin etiketin, habelə Avropa Komissiyasının Gənclər Fəaliyyətdə Proqramının dəstəyi ilə bu ilin dekabrında Göyçayda həyata keçiriləcək - “Nar gənclik meyvəsi” adlı layihənin də təqdimatı olmuşdur. Bu layihə çərçivəsində Azərbaycana Avropanın altı ölkəsindən gənclər dəvət ediləcəkdir.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov təşkilatın stendi və “Narın nağılı” kitabı ilə tanış olmuş, nəşrin narçılığın qədim ənənələrinin təbliği istiqamətində uğurlu bir ideya olduğunu vurğulamışdır. Kitabın digər dillərə də tərcümə olunması tövsiyə edilmişdir.
ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar da təşkilatın
dördillik fəaliyyətini əks etdirən stendə baxmış və ictimai birliyə gələcək fəaliyyətində uğurlar arzulamışdır. Təşkilatın sədri Əzizağa Atakişiyev səfirə yağlı boya ilə işlənmiş nar tablosu hədiyyə etmişdir.