Göyçayda Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd edilmişdir
Göyçay, 26 may (AZƏRTAC). Göyçayda müasir ədəbiyyatımızın ölməz klassiki, istedadlı nasir və dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Göyçay Rayon Mərkəzi Kitabxanasında keçirilən “Sənətkar ömrü” adlı tədbirdə təhsil və mədəniyyət işçiləri, yerli qələm sahibləri, gənclər və məktəblilər iştirak etmişlər.
Çıxış edənlər bildirmişlər ki, İlyas Əfəndiyevin hekayələri və romanları bu gün də öz dəyərini qoruyub saxlayır. Görkəmli yazıçının yaradıcılığı ədəbiyyat çərçivələrindən çıxaraq, incəsənətin digər sahələrinə də sirayət etmişdir. Son 50 illik Azərbaycan teatrını onun pyesləri olmadan təsəvvür etmək mümkün deyildir. İlyas Əfəndiyevin bu cür geniş əhatəli yaradıcılığı daim yüksək qiymətləndirilmişdir. Həmişə ədəbiyyatımıza, incəsənətimizə, mədəniyyətimizə böyük diqqət yetirən Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində Xalq Yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi təntənə ilə qeyd edilir.
Tədbirdə İlyas Əfəndiyevin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Yazıçı hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış etmişdir. O, ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir. Görkəmli yazıçının zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı” yaratmışdır.
Diqqətə çatdırılmışdır ki, ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir.
Sonda tədbir iştirakçıları məktəblilərin ədibin pyesləri əsasında hazırladıqları səhnəciyə baxmış, yazıçının kitablarından ibarət sərgi ilə tanış olmuşlar.