Göyçayın kəndlərində selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 26-da Göyçay rayonunun ərazisinə yağan güclü leysan yağışları nəticəsində baş vermiş seldən daha çox ziyan çəkən Qaraməryəm, Qarayazı və Aşağı Qaraməryəm kəndlərində fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Qarayazı beton kanalında 0,6 km məsafədə kanal lil və çöküntülərdən təmizlənib, Aşağı Qaraməryəm suvarma arxının Dəvəbatan çayının sağ sahilinin yuyulmuş hissəsinin bərpa edilməsi məqsədilə diametri d=800 mm və uzunluğu L=25 p.m olan metal boru quraşdırılıb, rayonun Qarabaqqal suvarma arxı üzərindəki tullantıların məişət tullantıları poliqonuna toplanması üçün xüsusi texnikalar cəlb edilib.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən rayonun Aşağı Qaraməryəm və Qarayazı kəndlərində istismara yararsız hala düşmüş paylayıcı və daşıyıcı qaz kəmərləri üzərində təmir-bərpa işləri aparılıb və abonentlərin təbii qazla təchizatı bərpa olunub.
“Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsi tərəfindən rayonun Qaraməryəm kəndində Bığır yarımstansiyasından qidalanan 10 kV-luq 3-cü kənd hava xəttində yararsız vəziyyətə düşən 150 metr naqil yenisi ilə əvəz olunub, Aşağı Qaraməryəm kənd ərazisində 410 metr naqil çəkilib, 4 ədəd 0,4 kV-luq metal dayaq quraşdırılıb, 280 metr naqil və 130 metr 2x16 markalı kabel xətti çəkilib.
“Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsi tərəfindən rayonun Qaraməryəm və Qarayazı kəndlərində yararsız hala düşmüş 160 metr içməli su borusunda əsaslı təmir işləri aparılaraq istismara verilib.
“AzTelekom” MMC-nin Aran Regional Filialının Göyçay şöbəsi tərəfindən sel zamanı yararsız hala düşmüş 410 metr kabel və 4 ədəd rabitə dirəyi yenisi ilə əvəz edilərək seldən ziyan çəkmiş kəndlərdə bütün rabitə xidmətləri bərpa olunub.