Göyçaylılar Novruzun gəlişini yüksək əhval-ruhiyyə ilə qeyd etmişlər VİDEO
Göyçay, 19 mart (AZƏRTAC). Xalqımızın əziz bayramı olan Novruz Göyçay rayonunda da geniş qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə çıxış edənlər xalqımızı Novruz bayramı münasibətilə təbrik etmiş, ölkəmizdə milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər.
Son illərdə rayonun sosial-iqtisadi həyatında böyük dəyişikliklərin baş verdiyini vurğulayan natiqlər bütün bunlara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Bayram tədbirində tonqal qalanmış, müxtəlif milli oyunlar, Novruz ənənələri, milli xörəklər, şirniyyatlar, Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi nümayiş etdirilmişdir. Meydana milli paltarda daxil olan atlılar, eləcə də gənc idmançılar məharətlərini nümayiş etdirmişlər.
Bayramsayağı bəzədilmiş stadionda rayonun bədii özfəaliyyət kollektivlərinin, Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.