GÖYGÖL RAYONUNDA TORPAQ SÜRÜŞMƏSİNƏ MƏRUZ QALAN DOZULAR KƏNDİ YENİ ÜNVANA KÖÇMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, 2006-cı ilin avqustunda torpaq sürüşməsi nəticəsində evləri qəza vəziyyətinə düşmüş Göygöl rayonunun Dozular kəndinin sakinləri dövlətimizin diqqət və qayğısı sayəsində yeni salınmış qəsəbəyə köçürülmüşlər.
Sentyabrın 24-də yeni qəsəbənin təqdimat mərasimi keçirilmişdir.
Əvvəlcə qəsəbənin giriş qapısında qurban kəsilmiş, havaya yüzlərlə şar buraxılmışdır. Sonra mərasim burada inşa edilmiş yeni məktəb binasının qarşısında davam etdirilmişdir.
Göygöl rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov qəsəbə sakinlərini yeni evlərlə təmin olunmaları münasibətilə təbrik etmişdir.
Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov çıxış edərək demişdir ki, iki il əvvəl təbii fəlakət baş verərkən yaranmış vəziyyət dövlət tərəfindən dərhal nəzarətə götürülmüş və kənd sakinlərinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq göstəriş verilmişdir. Sonra müvafiq Sərəncamla dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə 4 milyion manat vəsait ayrılmışdır.
Həmin vəsaitlə 42 evdən, mədəniyyət evindən, feldşer-mama məntəqəsindən, 120 şagird yeri olan məktəb binasından, hamamdan ibarət yeni qəsəbə salınmışdır. Əhalinin rahatlığı üçün qəsəbəyə işıq, su, kanalizasiya xətləri çəkilmiş, yollara asfalt salınmışdır. Əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə 500 tonluq təmizləyici qurğu inşa edilmişdir.
Hüseyn Mövsümov daha sonra növbəti 5 il üçün hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, növbəti Dövlət proqramında respublikamızın şəhərləri ilə yanaşı, bütün qəsəbə və kəndlərin də yenidən qurulması öz əksini tapmışdır.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev Dozular kəndinin sakinlərinə yeni qəsəbədə firavan həyat arzulamışdır.
Kənd ağsaqqalı Cəlal Musayevin onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Ağsaqqal demişdir ki, torpaq sürüşməsi baş verəndən dərhal sonra kənd sakinləri təhlükəli ərazidən üzaqlaşdırılmış və onlara hər cür maddi və mənəvi yardım edilmişdir.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbin sinif otaqlarına, gözəl və yaraşıqlı idman zalına, fənn kabinetlərinə, eləcə də qəsəbədəki mədəniyyət evinə, feldşer-mama məntəqəsinə, kənd bələdiyyəsinin iş otaqlarına baxmışlar.
######
![]() |
![]() |

