SİYASƏT
“Granma” qəzeti: Azərbaycan və Kuba arasında əlaqələr inkişaf edir
Vaşinqton, 8 aprel, AZƏRTAC
Kuba hökumətinin rəsmi mətbu orqanı olan “Granma” qəzetində “Azərbaycan və Kuba arasında əlaqələr inkişaf edir” başlıqlı məqalə dərc edilib.
Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehovun qəzetə müsahibəsi əsasında yazılmış məqalədə Azərbaycan və Kuba arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubiley tarixinin qeyd edilməsi fonunda, ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən mədəniyyət və idman sektorunda əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılır.
Bildirilir ki, iki ölkə arasında mövcud olan siyasi əməkdaşlıq təcrübəsi uğurla inkişaf etdirilir. Kubaya qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırılması üçün Kubanın BMT çərçivəsində irəli sürdüyü qətnamələrə Azərbaycan tərəfindən hər zaman dəstək verildiyi vurğulanır. Müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün potensialın mövcud olduğu qeyd edilir.
Məqalədə Azərbaycan hökuməti tərəfindən xalqımızın zəngin mədəniyyətinin ümumdünya miqyasda, o cümlədən Kubada tanıdılması istiqamətində çalışdığı nəzərə çatdırılır, Azərbaycanın sülhsevər ölkə olaraq tarixən sahib olduğu tolerantlıq ənənələrindən bəhs edilir.
Azərbaycanda ali təhsil almış minlərlə kubalının hazırda müxtəlif sahələrdə dəyərli peşəkar olaraq çalışdıqları və ölkəmizlə həmrəylik nümayiş etdirdikləri vurğulanır.
Daha sonra müəllif Azərbaycan iqtisadiyyatının, o cümlədən neft sənayesi və kənd təsərrüfatının inkişafı və ölkəmizin Avrasiya regionunda əhəmiyyətli nüfuzundan söz açır. Avropa və Asiya arasında yerləşərək strateji coğrafi mövqeyə malik olan Azərbaycanın mühüm enerji təchizatçısı kimi əhəmiyyəti vurğulanır.
Məqalənin sonunda Azərbaycanın yaxın tarixinə qısa ekskurs edilir, 1918-ci ildə Şərq aləmində ilk dəfə olaraq demokratik və dünyəvi dövlətin - Azərbaycan Demokratik Respublikasının qurulması, keçmiş SSRİ-nin süqutundan sonra isə Azərbaycanın yenidən müstəqilliyini elan edərək beynəlxalq miqyasda tanındığı barədə məlumat verilir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton