GUAM ÖLKƏLƏRİNİN SƏRHƏDÇİLƏRİ ƏMƏKDAŞLIĞI DƏRİNLƏŞDİRƏCƏKLƏR
Görüşün yekunlarına əsasən, əməliyyat-axtarış orqanlarının əməkdaşlığı haqqında protokol və 2007-ci il üçün ümumi fəaliyyət planı imzalanmışdır. Sərhədçilər terrorizm, insan alveri, qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotrafik ilə mübarizə məsələləri istiqamətində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
GUAM ölkələri sərhəd idarələrinin rəhbərləri transmilli cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına dair tədbirləri müzakirə etmişlər. Tərəflər təşkilat çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafına dair işlərin davam etdirilməsinin zəruriliyini vurğulamış, buraxılış məntəqələrinin müasir texniki avadanlıqla təchiz olunması, risklərin təhlilinə əsaslanan nəzarət sisteminin yaradılması məsələlərinə toxunmuşlar.
Sərhəd xidmətləri əməliyyat-axtarış orqanlarının əməkdaşlığını və informasiya mübadiləsi sistemini də təkmilləşdirmək niyyətindədirlər. Bunun üçün mütəşəkkil cinayətkar qruplar haqqında məlumat mübadiləsi mexanizmi və bu qrupların fəaliyyətinin qarşısının alınmasına dair operativ tədbirlər barədə razılığa gəlmişlər.
Bundan əlavə, görüşdə GUAM çərçivəsində təcrübə mübadiləsi məsələsi müzakirə olunmuş, seminarların və məşğələlərin mövzuları təsdiq edilmiş, Ukrayna Dövlət Sərhəd xidmətinin Milli Akademiyası və tədris mərkəzləri bazasında heyətin hazırlanması və yenidən hazırlanmasının artırılmasının təşkilinə dair təkliflər irəli sürülmüşdür.
Sərhəd xidmətlərinin rəhbərləri operativ idarəçilik və Avropa İttifaqının xarici sərhədlərinin mühafizəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair Avropa Agentliyi (“FRONTEKS”) ilə əlaqə yaratmaq niyyətində olduqlarını bildirmişlər.