GUAM üzvü olan ölkələr arasında ticarət əlaqələri daha da sadələşəcək
Bakı, 8 iyul, Fərhad Vahidzadə, AZƏRTAC
İyulun 8-də Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclasında təşkilata üzv olan ölkələrin gömrük xidmətləri arasında gömrük prosedurlarının həyata keçirilməsi zamanı mallar və nəqliyyat vasitələrinə gömrük nəzarətinin fərdi nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol layihəsi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə müsahibəsində müzakirə olunan Protokola münasibət bildirərək “Ümidvaram ki, bu iclasda müzakirə olunan Protokol növbəti iclasımızda imzalanacaq. Bu protokol gömrük prosedurlarının təşkilata üzv olan ölkələr arasında tanınması ilə əlaqədardır. Bu sənəd həmin ölkələr arasında ticarətin asanlaşdırılmasına və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinə imkan yaradacaq”, - deyə qeyd edib.