Güclü külək Lerik və Yardımlı rayonlarına ciddi ziyan vurmuşdur
Lerik, 17 mart (AZƏRTAC). Martın 16-da axşam saatlarından başlayaraq cənub bölgəsində əsən güclü cənub-qərb küləyi Lerik rayonunun elektrik və rabitə təsərrüfatına, sosial obyektlərə ciddi ziyan vurmuşdur.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində rayon ərazisində 200-ə yaxın elektrik və 80 rabitə dirəyi aşmış, 20 min metrdən çox elektrik naqili qırılmışdır. Nəticədə rayonun ərazisində elektrik enerjisinin verilişi dayandırılmışdır.
Lerik şəhərindəki bir sıra sosial obyektlərə və fərdi yaşayış evlərinə də ziyan dəymişdir. Cəngəmiran, Orand, Şingədulan və Züvüc kənd tam orta məktəblərinin, o cümlədən 100-ə yaxın fərdi evin dam örtüyü uçmuşdur. Rayonun Hamarmeşə kənd sakini Bahadır Nəhmətova məxsus yeni tikilən ev isə yarasız vəziyyətə düşmüşdür.
Rayon fövqəladə hallar komissiyasının və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirirlər.
Güclü külək Yardımlı rayonunun elektrik təsərrüfatına da ziyan vurmuşdur. Rayonun bir çox yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi dayandırılmışdır. Hazırda enerji təminatının bərpa olunması istiqamətində işlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran hidrometeoroloji müəssisəsindən verilən məlumata görə, Lerikdə küləyin sürəti saniyədə 28, Yardımlı rayonunda isə 27 metr olmuşdur. Hazırda bölgədə güclü külək əsməkdə davam edir.