Güclü leysan yağışları nəticəsində Tbilisi-Senaki-Leselidze avtomobil yolu bağlanıb
Tbilisi, 22 iyun, AZƏRTAC
Gürcüstanda yağan güclü leysan yağışları bir sıra ciddi problemlər yaradıb. Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolu bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilir ki, güclü leysan yağışları nəticəsində Rikoti tuneli ərazisində torpaq sürüşməsi baş verib, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.
Məlumatda deyilir: “Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 169-cu kilometrliyində (Rikoti hissəsi) güclü yağış nəticəsində bir neçə yerdə sürüşmə baş verib, nəqliyyatın hərəkəti dayandırılıb”.
Hazırda yollarda hərəkətin tam bərpası üçün fəal təmizləmə işləri aparılır.
Qeyd edək ki, iki gündür davam edən güclü leysan yağışları, dolu və dənizdə baş verən qasırğa ölkə ərazisində ciddi problemlər yaradıb. Torpaq sürüşməsi, sel suları nəticəsində ölkənin qərb bölgəsində bəzi kəndlərlə əlaqə kəsilib.
Qara dənizdə bir nəfər boğulub.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi