Güclü qasırğa şimal-qərb rayonlarında ciddi fəsadlar törətmişdir
Zaqatala, 18 mart (AZƏRTAC). Martın 17-də axşam saatlarında baş vermiş güclü qasırğa respublikamızın şimal-qərb bölgəsi rayonlarında da ciddi fəsadlar törətmişdir.
Zaqatala rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, təbii fəlakət nəticəsində şəhər 5 nömrəli, Car kənd 1 nömrəli tam orta məktəblərin, habelə 29 məcburi köçkün ailəsinin yerləşdiyi internat məktəbi binasının dam örtükləri tam dağılmış, şəhərdəki 9 nömrəli uşaq bağçası binasının dam örtüyü isə ciddi zədələnmişdir. Qasırğa nəticəsində üzərinə ağac və binaların dam örtüklərinin qopan hissələri düşən 10-dək avtomobilə ziyan dəymişdir. Külək şəhər ərazisində 60-dək iri gövdəli ağacı kökündən qoparmışdır.
Qasırğa rayonun elektrik təsərrüfatına da ciddi ziyan vurmuş, axşam rayonun bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi tam kəsilmişdir. Görülmüş operativ tədbirlər nəticəsində martın 18-də səhər saatlarında yaşayış məntəqələrinin əksəriyyətinə elektrik enerjisinin verilişi bərpa edilmişdir.
Rayonun dağətəyi ərazilərində, o cümlədən Car, Zilban, Yuxarı Çardaxlar, Muxax və digər kəndlərdə də evlərin və digər tikililərin dam örtükləri ciddi zədələnmişdir.
Hazırda rayon fövqəladə hallar komissiyası əlaqədar dövlət strukturları ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yerlərdə operativ tədbirləri davam etdirir. Rayon icra hakimiyyəti tərəfindən yaradılmış işçi qrupları Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Güclü qasırğa Qax rayonunda da ciddi fəsadlara səbəb olmuşdur. Qax şəhərində, kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranmış, elektrik dirəkləri, fərdi evlərin, ictimai binaların dam örtükləri zədələnmişdir. Hazırda rayonun əlaqədar dövlət strukturları tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır. Avtomobil yolları, şəhərin küçələri ağac qırıntılarından, tör-töküntülərdən təmizlənir.
Balakən rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, martın 17-də axşam saatlarında baş vermiş qasırğa nəticəsində rayon ərazisində 50-dək yüksək və aşağı gərginlikli elektrik dirəkləri yıxılmışdır. Qabaqçöl istiqamətindəki kəndlərə, həmçinin Katex və Mazımqaray kəndlərinə elektrik enerjisinin verilişi tam kəsilmişdir. Hazırda həmin istiqamətlərdə elektrik verilişinin bərpası üçün operativ tədbirlər davam etdirilir.
Bundan əlavə, qasırğa rayonun Katex, Qasbinə və Gərəkli kəndlərində fərdi evlərin və ictimai tikililərin dam örtüklərinə ziyan vurmuş, Balakən şəhəri ərazisində bir neçə iri gövdəli ağacı aşırmışdır.