GÜCLÜ QASIRĞA, YAĞIŞ, SEL VƏ İLDIRIM ALMANİYANIN CƏNUB-QƏRB BÖLGƏLƏRİNƏ ZİYAN VURMUŞDUR
Küçələrdən axan güclü sel binaların zirzəmilərini və yeraltı qarajları basmışdır.
Fövqəladə hallar və xilasetmə idarələrinin ilkin məlumatlarına görə, Ştuttqartda ildırım darvazanı açıb avtomobili qaraja salmaq istəyən 22 yaşlı qadını, Vuppertal şəhərində isə bir kişini öz evi önündə vurub ağır yaralamışdır.
Baden Vürttemberq federal əyalətinin Qöppingen şəhərində yeraltı avtomobil dayanacaqlarını basan sel axını yüzlərlə avtomobili suya qərq etmişdir.
Ştuttqart dəmir yol vağzalı ərazisində ildırım böyük enerji aqreqatını sıradan çıxarmışdır. Qısa qapanma nəticəsində qatarların hərəkətini tənzimləyən elektron işıq siqnal mexanizmləri xarab olmuşdur. Qatarların hərəkət cədvəlində uzunmüddətli fasilələr yaranmışdır.
İldırım Hessen federal əyalətinin Lampert bölgəsində iki, Nordrayn Vestfalen federal vilayətinin Dertmold ərazisində isə üç yaşayış binasını vuraraq yandırmışdır. Xoşbəxtlikdən insan tələfatı olmamışdır.
Təbii fəlakət heyvandarlıq təsərrüfatlarına ciddi ziyan vurmuşdur. Ştuttqart yaxınlığında ildırımdan yanan tövlədə 15 inək tələf olmuşdur.
Təbii fəlakətdən ən çox Şimali Reyn Vestfalen və Baden Vürttemberq federal torpaqları ziyan çəkmişlər.