Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionatında liderliyini davam etdirir
Bakı, 9 fevral, AZƏRTAC
Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 18 şahmatçının mübarizə apardığı çempionatda 5-ci turun oyunlarına yekun vurulub. Ötən beş turun partiyalarına görə, Günay Məmmədzadə turnir cədvəlinin lideridir. Ötən turda Ayan Allahverdiyevanı məğlub edən Günay xalların sayını 4,5-ə çatdırıb. Ondan yarım xal geri qalan Gövhər Beydullayeva ikinci yerdə qərarlaşıb. 3 və 4-cü pillədə isə aktivlərində 3,5 xal olan Xanım Balacayeva ilə Türkan Məmmədyarova yer alıblar.
G.Məmmədzadə növbəti partiyanı G.Beydullayevaya qarşı keçirəcək.